Şimali Koreya nüvə proqramından heç vaxt əl çəkməyəcək

14:45 30.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şimali Koreyanın xarici işlər nazirinin müavini Kim Son Kyonq BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı ölkəsinin nüvə proqramından heç vaxt əl çəkməyəcəyini deyib.

Hafta.az xəbər verir ki, o, ABŞ, Cənubi Koreya və Yaponiyanın birgə hərbi təlimlərini xatırladaraq, bu üç ölkəni Şimali Koreyaya qarşı nüvə hücumu zamanı istifadə oluna biləcək prosedurları və metodları məşq etdiyinə görə tənqid edib. Bildirib ki, təlimlər Koreya yarımadasında gərginliyi artırır.

“ABŞ və onun müttəfiqlərinin artan təcavüz təhlükəsi ilə birbaşa mütənasib olaraq dövlətimizin fiziki müharibədən çəkindirmə qabiliyyətini gücləndirməsi sayəsində düşmən dövlətlərin müharibəyə təhrik etmək iradəsi hərtərəfli cilovlanır və Koreya yarımadasında qüvvələr balansı təmin edilir”.

Nazir müavini əlavə edib ki, nüvəsizləşdirilmə üçün Şimali Koreyaya təzyiq göstərmək xalqın suverenliyini və yaşamaq hüququndan imtinasını tələb etməyə bərabərdir.

Qeyd edək ki, sentyabrın əvvəlində Şimali Koreya Lideri Kim Çen In Pxenyanda Ali Xalq Məclisinin iclasında çıxış edərkən oxşar bəyanat verib. O deyib ki, əgər ABŞ Şimali Koreyanı nüvəsizləşdirmək istəyindən əl çəksə və Şimali Koreya ilə dinc yanaşı yaşamaq qərarına gəlsə, Pxenyan Vaşinqtonla danışıqlara başlaya bilər.